суббота, 2 марта 2013 г.

Ismayillinin faydali qazintilari


Faydalı qazıntıları

Rayonun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları tutur. Çayların gətirmə konuslarında, alçaq dağlıq zonasında çınqıl, qum, gil, gillicə və vulkan külü yataqları vardır. Bu ehtiyatlar əsasənda rayon ərazisində dəmir-beton, kərpic, keramit, sement, keramzit və sairə tikinti materialları istehsal olunur. Bu yataqlarda ehtiyatların çox da böyük olmaması əhalinin tikinti sahəsində tələbatlarını tam ödəmir. Bundan başqa Dityallı kəndi yaxınlığında yanar şist yataqları, müxtəlif ərazilərdə müalicə əhəmiyyətli gillər, Tircan kəndi yaxınlığında (Qabandağın dərəsində) gülabi yataqları, Mədən dərəsi adlanan Təzəkənd kəndi ərazisində mişar daşı, Talıstan və Diyallı kəndləri arasında böyük həcmdə mərmər yataqları, Cülyan-Həftəsiyab kəndləri ətrafında təbii yanar qaz yataqlarının olması ehtimal olunur. Rayonda betonit gillərinin bir neçə yatağının olması aşkar olunmuşdur. Rayon ərazisində həmçinin təbii mineral su bulaqları mövcuddur. Böyük Qafqazın cənub yamaclarından süzülüb gələn bu sular, əsasən Bədo, Həftəsiyab, Diyallı, Namazgah, Lahıc, Gəndo və s. kəndlərində yerləşir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu sular tipinə mənsubdur. Dünya şöhrətli alimlərdən M. Ə. Qaşqay və Ə. H. Əsgərov İsmayıllı rayonunun mineral sularının müalicə əhəmiyyətini yüksək qiymətləndirmişlər. Məşhur mineroloq Bertmenson 1884-cü ildə "Xaricdə və Rusiyada olan mədən müalicə suları" adlı elmi əsərində Zərgəran və Lahıc yaxınlığındakı digər mineral suların əhəmiyyətini xüsusi qeyd etmişdir. Tərkibində müxtəlif minerallar olan bu sular böyük müalicə əhəmiyyətinə malikdir. Bu suların müxtəlif çeşidlərdə qablara doldurularaq, rayonda və rayondan kənarlarda satışı təşkil edilmişdir. Hər il bu ərazilərə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən yüzlərlə turist istirahətə gəlir. Bu bulaqların əsasında rayonda istirahət evləri və sanatoriyalar təşkil edilməsi rekreasiya ehtiyatlarından istifadəni daha yüksək səviyyəyə qaldıra bilər.

Комментариев нет:

Отправить комментарий